Azərbaycanda bəzi dövlət qurumları niyə ləğv edilir? - BBC News Azərbaycanca (original) (raw)

İlham Əliyev

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İlham Əliyevin fərmanları ilə bəzi rəsmi qurumlar ləğv edilib.

15 Yanvar 2019

Azərbaycanda 3 dövlət qurumunun ləğvi, 2-nin yaradılması, 6-nın yenidən təşkili və bəzi dövlət qurumlarının səlahiyyətlərinin alınaraq, digər qurumlara həvalə olunmasının nəticələrinin necə olacağı barədə suallar yaradıb.

Təhlilçilər bunun "islahatların başlanğıcı" ola biləcəyini ehtimal edir və büdcə yükünü azaldacağını proqnozlaşdırırlar.

"Nəticələrin necə olacağını zaman göstərər. Vaxtilə bu qurumların yaradılmasına sərəncam verilib və zaman göstərdi ki, bu qurumlara ehtiyac yoxdur", millət vəkili Fəzail İbrahimli BBC News Azərbaycancaya deyib.

Ölkə prezidenti ötən həftə 2018-ci ilin yekunlarına dair keçirdiyi iclasda "idarəetmədə strukturun köhnəldiyini və bu səbəbdən "islahatların gözlənildiyini" bildirmişdi.

"Struktur köhnəlib, yeni idarəetmə strukturu olmalıdır: daha çevik, daha yığcam, daha məqsədə yönəlmiş, çünki illər boyu yeni strukturlar yarandı. Bir də baxdıq ki, Azərbaycanda idarəetmə strukturu böyük dərəcədə şişirdilib", prezident vurğulayıb.

Planlaşdırılmamış islahatlar?

İqtisadi məsələlər üzrə təhlilçi Rövşən Ağayev hesab edir ki, "lazımsız qurumların ləğvi büdcənin yükünü xeyli yüngülləşdirəcək".

"Lakin ölkə iqtisadiyyatı bundan, böyük qazanc əldə etməyəcək. Bəzi qurumların ləğvi hökumətin özünün də bəyan etdiyi struktur islahatının tərkib hissəsidir. Ancaq nə qədər effektiv ola biləcək? Bu, müzakirə olunmalıdır".

Təhlilçi həmçinin başlayan prosesin hansı strategiya əsasında həyata keçirildiyini və həmin strategiyadan gözləntilərin nə olduğunu sual altına alır.

"İdarəetmədə qəbul olunan qərarlar həmişə bir strategiyaya əsaslanmalıdır. Prezidentin ləğvinə qərar verdiyi bu qurumlara 2019-cu ilin büdcəsindən pul ayrılıb. Bu da göstərir ki, bu öncədən planlaşdırılmış məsələ olmayıb", o deyir.

"Halbuki bu cür məsələlər strateji planlamanın tərkib hissəsi kimi ortaya çıxmalıdır. Bu strategiyada da bir çox məqamlar öz əksini tapmalıdır. Struktur islahatlarının əsas məqsədi nədir və hansı vasitələrlə həyata keçiriləcək? Hansı qurumları əhatə edəcək? Qurumların adını göstərməyə ehtiyac yoxdur, sadəcə hansı sahələri əhatə edəcək?"

Rövşən Ağayevin fikrincə, bu prosesin ictimai müzakirəsi olmalı və hökumətin məramı cəmiyyətə göstərilməli idi.

Təhlilçi islahatların həm də "bir az qlobal olmalı" olduğunu deyir.

"Bizdə idarəetmə həddindən artıq mərkəzləşib. Hansısa lazımsız qurumları ləğv edirlər, lazımlı dedikləri isə həddən artıq yüksək səlahiyyətlərə malikdir. Bu gün Azərbaycanda regional idarəetmə ilə mərkəzi idarəetmə arasında bir səlahiyyət bölgüsünə gedilməlidir. Regionlarda sosial-iqtisadi sahələrdə idarəçilik yerli seçkili qurumlara ötürülməlidir".

"Ləğvetməni böyük islahat kimi təqdim etmək doğru deyil"

Keçmiş millət vəkili Gültəkin Hacıbəyli BBC News Azərbaycancaya deyib ki, bəzi dövlət qurumlarının ləğvi, əsasən, maliyyə məsələləri ilə bağlıdır.

"Bu qurumların ləğvi neft pullarının azalması, müəyyən maliyyə qıtlığının yaranması ilə bağlıdır. Pul azalan zamanda da qənaətə ehtiyac yaranır", o deyir.

"Burada söhbət böyük strukturların ləğvindən getmir. Strateji Araşdırmalar Mərkəzi və faktiki olaraq, fəaliyyəti olmayan Bilik Fondu kimi mənasız, dövlət büdcəsindən pul yeməklə məşğul olan bu qurumların ləğvinə istənilən halda müsbət yanaşıram. Sadəcə, bu ləğvetməni böyük islahat kimi təqdim etmək doğru deyil.

"Başlanğıc üçün bu addımları müsbət dəyərləndirmək olar"

Hələ ki, ciddi strukturlarda belə islahatlar prosesinin getmədiyini deyən Gültəkin Hacıbəyli əsasən böyük qurumların birləşdirilməsini də təklif edir.

"Mən bunu o zaman ciddi islahat hesab edərdim ki, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi Maliyyə Nazirliyinin tabeliyinə verilsin, heç bir fəaliyyəti olmayan, lazımsız bir struktura çevrilmiş Diaspora Komitəsi Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd təsərrüfatı Nazirlikləri nəyə lazımdır ki? Onu Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi adı altında uğurla birləşdirmək mümkündür", Gültəkin Hacıbəyli belə hesab edir.

"Azərbaycan kəndlisinə normal şərait yaratmaq lazımdır ki, müvafiq gəlir-çıxarını hesablayıb, əkin-biçinini də ona görə qərarlaşdırsın. Söhbət dövlət müdaxiləsindən yox, dövlət dəstəyindən getməlidir. Bunun üçünsə, bu qədər dövlət aparatına və məsrəfə ehtiyac yoxdur. Yığcam şəkildə dövlət idarəsini təşkil etmək olar.

Keçmiş deputat deyir ki, istənilən halda başlanğıc üçün bu addımları müsbət dəyərləndirmək olar.

"Ancaq arzu edərdim ki, bu addımların ardı gəlsin. Ölkənin taleyinə təsir edəcək daha ciddi qanunlar qəbul edilsin".

Hesabatlılıq

Cənab Ağayev hesab edir ki, lazımi hesab olunan qurumların fəalliyyətinin nəticələri ilə bağlı hər il parlamentə "geniş hesabat" verilməlidir.

"2018-ci ildə bu qədər vəsait aldım, filan tədbirləri maliyyələşdirdim, bu tədbirlərin maliyyələşməsindən cəmiyyət hansı fayda götürdü? Bəs, 2017-ci ildə vəziyyət necə idi və 2018-ci ildə vəziyyət hardan-hara dəyişib? [Hesabat]bax, bu kimi məsələləri əhatə etməlidir. Bu islahatlar da olsa, başlanan prosesin nəticəsi daha effektiv olar".

"Y erinə düşmür"

Millət vəkili Fəzail Ibrahimli isə hesab edir ki, bu dəyişiklər "onillərlə davam edən islahatların" davamıdır.

"Bəzi qurumlar yaradılıb, özünü doğrultmayıb deyə ləğv olunub. Buna görə də dövlət quruculuğu işləri gedir. Bu gün bu dəyişiklik zamanın sınağından çıxacaqsa, mütərəqqi nəticələr əldə olunsa, təbii ki, bu iş genişlənib davam edəcək, yox, əgər ümumi inkişafa qatqısı olmayacaqsa, prezidentin səlahiyyətində olan məsələdir, o, növbəti sərəncamla digər addımlarını atacaq".

Ləğv olunmuş qurumlara ayrılan pullara gəlincə, millət vəkili "bu qurumların səlahiyyəti aidiyyatı qurumlar arasında paylanıb, bölünüb. Ayrılmış pullar da ləğv olunmuş qurumların səlahiyyətlərini icra edəcək digər dövlət qurumlarına yönəldiləcək" deyir.

2019-cu ilin büdcə ayırmaları zamanı ləğv edilmiş Strateji Araşdırmalar Mərkəzinə 2 milyon 271 min 488 manat, Bilik Fonduna 835 min 316 manat, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə isə 4 milyon 600 min manat vəsait ayrılıb.

Bu gün Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ləğv edilmiş dövlət orqanlarında olan vakant vəzifələrlə bağlı elan edilən ümumi müsahibələr üzrə qeydiyyat və keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.