Atasına ölüm hökmü kəsilən şair: “Çörək atlı, biz piyada” (original) (raw)
Bu dəfə Axar.az-ın "Qəfil qonağ"ı yolunu tanınmış şair Saday Şəkərlinin evindən saldı.
Həzi Aslanov metrosuna yaxın yerdə, hündürmərtəbəli binadlardan birində qərarlaşıb. Günün elə vədəsi idi ki şairin evdə olmaması mümkün olmazdı. Amma bilmək olmazdı, dostları çoxdur, söz adamları və sözə ehtiram edənlər həmişə onun yanında olur. Bu fikirlərlə yuxarı, binanın altıncı qatına qalxıram. Zəngi sıxıram. Qapını şairin kiçik oğlu Ərşah açır. Məni görən kimi sevinir.
- Faiq əmi, atam balkondadı, siqaret çəkir.
Dəhlizdə Saday görünür. Şəklini çəkmək istəyirəm. İmkan vermir. Özünəməxsus əda ilə xoşgəldin edir:
- Ay səni xoş gördük, Faiq, sən hara, bura hara, çoxdandı görsənmirsən (zarafat edir)...
VAXT VARIYDI
Otağa keçirik. Sadayın qıyqacı baxışı bəs edir ki, Ərşah mətbəxə tərəf qaçsın...
- Ərşah məni görəndə sevindi.
- Sevinər də. Vaxt varıydı, evimizin bir günü qonaqsız keçməzdi. Qabil, Musa Yaqub, Fikrət Sadıq, Siyavuş Məmmədzadə, Ələkbər Salahzadə, Əhəd Muxtar, Vaqif Yusifli... sən, Salam... daha kimlər, kimlər. Əsəd onların hamısıyla bir süfrədə dəfələrlə oturub, şirin, məzəli söhbətlərinə qulaq asıb...
GƏRƏK "QAÇQINKOM"DA QEYDİYYATA DÜŞƏK
- Ərşahın bu sarıdan bəxti gətirmədi, o körpəykən köçüb getdiniz Başqırdıstana.
- Hə, dörd yaşı vardı, o doğulunca 10-15 mənzil dəyişmişdik, evdəkilər vərdiş eləyib bizim köçkün həyatımıza. Gərək gedib "Qaçqınkom"da qeydiyyata düşək (yenə zarafat eləyir). Bu dəfə uzaq səfərə çıxdığımızdan evdəkilərə dedim ki, kim nə istəyir götürsün, bax, onda Ərşah təkcə Füzulinin kitabını götürdü, çünki böyük şairin qəzəllərindən bir neçəsini əzbər bilirdi və mütləq yatmazdan əvvəl həmin qəzəllərdən deyib yatardı.
BELƏCƏ KÖÇÜB GETDİK
- Nə idi axı, diyarbədiyar gəzməyin sirri?
- Bizi bu didərgin həyatı yaşamağa ermənilər məcbur etməmişdi, günahkarlar özümüzünkülər idi... Nə isə. Beləcə köçüb getdik, köhnə münasibətlər qırov bağlamağa başladı, indi çoxdandı qapımızı açan olmadığından uşaq səni görən kimi sevinib.
Bu ara Ərşah çayla otağa girir. Bu dəfə Ərşahın saçına atası tumar çəkir:
- Mənim kişi balamdır, - sonra mənə tərəf, - çayla heç aram yoxdur, sənin xətrinə içərəm bir stəkan.
- Çay keçməklə necə, aran var?
- Hə-ə... (fikrə gedir). Yaramın qaysaqlarını qopartdı bu sualın.
- Uşaqlıq illərinə qayıtdın deyəsən, misraların var idi:
Böyüdüm kədərlə, qəmlə yanaşı, nə qədər sevincim qaldı düyündə, göynəyə-göynəyə qəlbinin başı, mənə məktub yazır körpəliyim də.
30-cu İLLƏRDƏ ATAMA ÖLÜM HÖKMÜ KƏSMİŞDİLƏR
Çaydan bir qurtum alır, siqaret yandırır, qocalardəstiri:
- Mən heç otaqda siqaret çəkmərəm, - deyir, - amma siqaretinə od vurur, - Atamı 9-10 yaşlarımda ikən itirmişəm, bu vaxtacan bir gün də olsun onu xatırlamadan keçinəmmirəm, böyük kişiydi. Otuzuncu illərdə ölüm hökmü kəsmişdilər. Kolxoz sədri olub, rəhbərliyin izni olmadan kənd camaatına buğda bölüşdürmüşdü ki, acından ölməsinlər. Bunu oxumusan da, "Lənətlənmiş cənnət " poemasında yazmışam.
BÜTÜN ÖMRÜM SELİN AĞZINDA KEÇİB
- Qayıdaq çay keçmək məsələsinə. Deməli, həyətimizin ayağından dağ çayı axır, hərdəmxəyaldı mənim kimi, gah daşır, gah quruyur. Yaz günlərinin birində dərsdən qayıdan kimi əlimdə şor-çörək yeyə-yeyə eşşəyimi qovdum meşəyə sarı (bu yolu hər gün gedib-gəlmişəm) ki, hava qaralmamış bir az odundan-şaxdan yığıb qayıdım. Geri dönəndə gördüm ki, kəndin yarısı yığışıb məni gözləyir, sən demə, dağlarda qar sürətlə elə əriyib ki, çayı sel götürüb gedir, hələ üstəlik sısqa yağış da yağırdı. Anamın harayını eşitdim, can ay bala, eşşəyin yükünü boşalt, görək nolur, anam az qala özünü selə vuracaqdı. 12-13 yaşlarındayam, çay elə dəlicəsinə axır, gəl görəsən. Bir andaca məni süpürləyib aparardı. Yükü boşaldıb eşşəyimi bütün gecəni canavarların ümidinə buraxdım. O bizim çörək ağacımızıydı, neyləməli, hələ özüm də qalmışam o tayda. İnan, yağış elə isladıb ki, cücəyə dönmüşəm. Nə isə, kənd camaatı bir qərara gələ bilmir ki, bilmir. Nəhayət, Tarqulu kişi öz kürən atını sürür suların üstünə, at xeyli sel aşağı üzəndən sonra keçir mən tərəfə, otur, tərkimə, belimdən bərk-bərk yapış, təvəkkül Allaha, deyib atdıq özümüzü selin ağzına. Haraylar, qışqırıqlar, dualar... bax, Faiq bütün ömrüm selin ağzında keçib, hər gün bu dərin quyulu dünyada batmaq ehtimalım olub. Səhərəcən yatmadıq külfətliklə, eşşəyi səslədik ki, darıxmasın, səhər çağı sular avazıyanda artıq qara əjdaham qapımızdaydı.
Siqaretin son qullabını da vurub külqabıda qətlinə fərman verir. Başından basıb söndürür. Gülümsəyir:
- Nə isə... səndən olmayan iş, xeyir olsun, xoş gəlibsən.
- Allah səni güldürsün, o boyda həngamədən sonra heç niyə gəldiyimi xatırlaya bilərəmmi?
Şiri cəlilabadlı ləhcəsilə:
- Ədə, Allah evüü tiksin, de gəlsin dənən, - deyir.
OĞLUM ƏSƏD SÜRGÜNDƏDİR
- Sonralar bütün ömrün dünyanı səyahətdə keçib, eləmi?
- Buna səyahət yox, sürgün deyərlər.
Sonra onun sifətində heç vaxt görmədiyim, hiss etmədiyim qəribə bir kədər görünür, elə səsində də:
- Qəribədir atam Sibirə sürgün olunub. Mən qürbətdə 10 il süründüm, indi də oğlum Əsəd "sürgündədir". Nə qismətdir belə, nə taledir belə, bu boyda Vətəndə bir tikə çörək uzun illərdi atlı olub, biz piyada, - deyir və qəfil gələn qonaq qəfil də yoxa çıxır.
YÜNGÜL SÖHBƏT
- Bəs azərbaycanca çıxan ilk kitabını (məlumat üçün deyim ki, Sadayın ilk kitabı "Məhəbbət ağacı" adlanırdı, Rusiyada nəşr olunmuşdu. – F.B.) torpağa, vətənə məhəbbətindən "Torpağa oğul sözü" adlandırmışdın, torpaq dediyin, Vətən dediyin sənin sözünü eşitmədi deyəsən?
- Gəlsənə, yüngül söhbət eləyək, hə?
- Olsun, bu manqal, şiş nədir?
- Mən harada yaşamışamsa, balkonda mütləq kömürüm, manqalım, şişim olmalıdır, həvəskar kababçıyam.
- Qazan yeməklərini necə, özün sifariş verirsən, yoxsa, nə istəsələr bişirirlər?
- Evdə çörək yeyirəm ki... Əslində, dadlı yeməyi xoşlayıram, elə də olur, belə də.
- Maşallah olsun, bu il iki kitab nəşr etdiribsən.
- Elədir, "Lənətlənmiş cənnət" və "Qadağan olunmuş rəng". Sən sağ ol ki, maşallah dedin, xeyli dostların halı pərişan olub e, xəbərin yoxdur?
- Bu il 55 yaşın olacaq.
- Onu Allah bilər, sentyabrdadır.
- Necə qeyd edəcəyik?
- Sənin 50 illiyin kimi (yenə zarafat), 5 cildlik nəşr etdirmək fikrim var, qayğı göstərən olsa...
- Qabaqdan AYB-nin qurultayı gəlir, nə gözləyirsən?
- Heç nə!
AYB ilə sanki incikliyi varmış kimi əlini yelləyir, yəni söhbətin mövzusu dəyişsə yaxşıdır.
- Bu yaxınlarda səsin yenə Rusiyadan gəldi, böyük yazıçı İsmayıl Şıxlının 95 illiyinə dəvət olunmuşdun?
- Elədir, o təkcə böyük yazıçı yox, həm də böyük şəxsiyyət olub. Eh, keçər dövran, belə qalmaz.
- Ölkəmizdə və xaricdə 15 kitabın nəşr olunub, hansı mükafatları alıbsan?
Yenə də siqaret yandırır. Tüstüsünü ciyərlərinə tərəf elə ürəkdən sümürür ki, siqaretin canı olsaydı, bəlkə də ilk dəfə olardı ki, yanıb külə dönəcəyinin ağrısını çəkməzdi. Sualıma bir bənd şeirlə cavab verir:
- Şair doğulmağım sanki, qəzadır, başıma nə gəlir sözümdən gəlir, mənim mükafatım - tanrı əzabı, axıb gilə-gilə gözümdən gəlir.
- Əsədin xeyli yaşı var, ali təhsil alıb, evləndirmək fikrin yoxdur?
- Əvvəla, onun özündən soruşsan yaxşı olar evlənmək fikri var, ya yox? İkincisi, indi qız məsələsi müşküldür, üçüncüsü, mənzil məsələsi həll olunmalıdır.
- Bəs bu Rusiya-Bakı-Cəlilabad yollarından nə vaxt yığışacaqsan?
-Yollar tükənəndə.
– Nəvələrin səsi gəlmir...
- Demə-demə, darıxdım, bir həftədir kəndə gediblər.
- Dostlardan gileylisən, nə olub?
- Gərək ki, Həzrət Əlinin sözüdür, təxminən belə deyir ki, haqsızlıq önündə susanları özünə dost bilmə, onlar susanda təkcə səsini yox, həm də şərəf və ləyaqətini itirənlərdir.
| Tarix 2014.05.25 / 10:00 | Müəllif Faiq Balabəyli | | | ------------------------ | ---------------------- | |
Digər xəbərlər