Ədalətin vaxtını bölüşənlərdən tövsiyələr (original) (raw)

Yaşadığı dövrdətanınmaq - elə zəmanəsinin qəhrəmanı olmaq deməkdir. Xalq əslində zamanınseçdiyini tanıyıb sevir, onun düşüncələrini, həyata baxışlarını bilmək istəyir.Bəs seçilmişlərin zamana cavabı necəolur?! Bu sualın cavabını təxminən bir il aradıq: "Ədalət”in vaxtı” nda Azərbaycanıntanınmış simalarının zamanla bağlı düşüncələrini, onların əlahəzrət Vaxtla dostya düşmən olmalarını öyrəndik. Cavablar müxtəlif , zidd və maraqlı oldu. Azərbaycanıntanınmış aktyorları, ədibləri, ictimai-siyasi fəalları hər həftə öz vaxtlarını "Ədalət”invaxtı”nda bölüşdülər. Azərbaycan mətbuatının 140-cı ildönümündə milli mətbuatımızınəsas dayaqlarından, mübarizlərindən olan "Ədalət” qəzeti tanınmışların zamanla,həyatla bağlı arzu və tövsiyələrini oxuculara təqdim edir:

Qənirə Paşayeva – Zamanın dəyərini bilin. Həyat çox qısadır. Bəzən bəlkə bir an qədərdir. Ömrün hər an sona yetə biləcəyini düşünərək həyatınızı maraqlı, faydalı qurun, dolu-dolu yaşayın.

Rəbiyyət Aslanova – Hər üzünüzə gələn sabahı xoş qarşılayın. Çünki hər sabahın açılışı və bunu sizə görmək imkanı Allahın bir lütfüdür. Vaxtı sevə-sevə yaşamaq lazımdır.

Telli Pənahqızı – Vaxtın fürsətindən yararlanmağı bacarın, bu günün işini sabaha saxlamayın və... özünüzü sevin, həyatınızı sevin.

Vüsalə Mahirqızı – Hansı yaşdasınızsa, ona uyğun yaşayın. Zamanı qabaqlamaq və ya gecikmək lazım deyil. Hər zamanın özünə görə qayda-qanunları var və buna görə davransaq çox yaxşı olar.

Sənubər İskəndərli – Cahil insan vaxtı öldürmək, aqil insan vaxtdan duzgun istifadə üçün vasitə axtarir. İnsan ona ayrılan vaxtın nə qədər olduğunu bilə bilməz. Odur ki, vaxtın qədrini bilək.

Cığatel İsaqızı – Qiraətə, təhsilə çox vaxt ayırın. Böyük sözü dinləyin. Nə zamandan, nə Allahdan küsün. Arzu etməyə davam edin, hər işin, hər olacağın öz zamanı var.

Gülüstan Əliyeva – Heç vaxt zamanı əldən verməyin! Həyatınızı bir göz qırpımında belə olsa, boş və mənasız keçirməyin.

Saodat Muhammedova – Hər dəqiqəni qiymətləndirin. Bu günü sabah tapmaq mümkün olmayacaq. Ona görə də zamanın qədrini bilin.

Söhrab Tahir – İndiki gəncliyin fəaliyyəti, yaşaması üçün gözəl şərait var. Bunlardan faydalanın, öyrənməyə həmişə meyilli olun. Həyata, ailəyə, hadisələrə daha müdrik, məntiqli yanaşın.

Rəşad Məcid – Zövqlə yaşamağa çalışın. Vaxtdan, yaşadığınız dövrandan, həyatdan zövq almağı bacarın. Arzularınızı həyata keçirməyə çalışın.

Səlim Babullaoğlu – Unutmayın ki, bu ömür bircə dəfə verilir və bitəndir. İnsan hər gün, bir dəfə də olsa öləcəyini xatırlamalıdır. Onda zamanı, ömrü, ona verilən imkanları daha düzgün dəyərləndirər.

Əjdər Ol – Hərənin öz baxtı, öz vaxtı var. Amma hər vəziyyətdə vaxtla dostluq edin, zamanla qol-boyun yaşayın. Xoşbəxt olmağa həyatda minlərlə səbəb var.

Əsəd Cahangir – Vaxtın qədrini bilin. Vaxt qızıldır, amma onun qədrini bilməsən nəinki gümüşə, hətta paslı dəmirə çevrilər.

Elçin Mirzəbəyli – Əlinizdə olan zamandan daha keyfiyyətli istifadə edin. Arzuladığınız ömrü yaşayın. Başqalarının arzu və istəklərinə qurban getməyin.

Qəşəm Nəcəfzadə – Ürəyiniz istədiyi kimi yaşayın, özünüzü qəlibə salmayın. Heç nəyin də dalınca qaçmayın, baş verən onsuz da olacaq.

Məmməd İsmayıl – Nəyi öldürsəniz də vaxtı öldürməyin. Özünü bilənə öldürülən vaxtın qisası yaman olur...

Sayman Aruz – Özünüzü vaxtın əsiri etməyin. Bəxt insanın qapısını bir dəfə döyər, xoş o adama ki, qapını vaxtında aça bilir.

Firuz Mustafa – Hərə çalışsın öz vaxtını yaşasın.

Yunus Oğuz – Vaxtınızı itirə bilərsiz, amma ruhunuzu itirməyin. Ruhunuz azad qalsın.

Məhəmməd Rza Çalğın – Elə bir iş görək ki, onunla zirvələrə qalxa bilək. Düşüncələrimizi tam təfsilatı, səmimiliyi ilə insanlara çatdıraq. Əgər bacarmasaq, bu, bizim zəifliyimizdir.

Aydın Mirzəzadə – Vaxtla dost olun. Vaxtdan öyrənin, eləcə də vaxta öyrədin. Vaxtı insanın özü yaradır. İnsan düşüncəsi zamanı reallığa çevirir. Elə isə o reallığı daha müsbət və dəyərli edin.

Fuad Muradov – Verilən imkanlardan, vaxtdan səmərəli istifadə edin. Sonrakı peşmançılıq itirilən, boşa keçən zamanı geri qaytarmayacaq.

Fazil Mustafa – Sizə verilən ömür vaxtı ərzində öz təyinatlarınızı doğru anlayın.

Tahir Əmiraslanov – Yaşamağı bacarın. Kainatı, özünüzü dərk edin.

Vaqif Bəhmənli – Yer üzündə hər şey tapılar, vaxtdan başqa. Vaxtın qiymətini bilin. Zamanla bərabər öz qədrinizi də bilin.

Mənsum İbrahimov – Zamanı düzgün dəyərləndirin. Zaman bizi gözləmir, biz ondan asılıyıq. Ona görə də zamanı boşa vermək olmaz.

Nurəddin Mehdixanlı – Unutmayın ki, hər nəfəs bizim üçün ayrılmış zamandır. O zamanı sərf etməyi bacarın. Xeyir işlər görün, başqalarını sevindirin.

Rafiq Əzimov – Cavanlar! Vaxtın qədrini bilin. Gənclik illərini hədər verməyin, faydalı işlər görün. Arzu və niyyətlərinizə vaxt itirmədən nail olun.

Ramiz Novruz – Vaxtdan qiymətli heç nə yoxdur. İçi boş sözlərə aldanıb zamanı qurban verməyin.

Yasin Qarayev – Zamanın axdığını unutmayın. Amma zamanı da yola salmağa tələsməyin. Ən əsası özünüzə vaxt ayırın.

Arif Quliyev – Çalışın, vaxtınızı səmərəli keçirin. Vaxt həyatımıza qoyulmuş sayğacdır, onu boşa sərf etməyin.

Ağəli İbrahimov – Edəcəyiniz hər əmələ görə cavab verəcəyinizi unutmayın. Həyatı, insanları, işinizi sevin. Hər şeyi öz vaxtında eləməyə çalışın.

Ağalar Bayram – Zamana sinə gərin. Zamana əyilməyin. Fikrən azad olun!

Biz də "Ədalətin” vaxtı”nı bölüşən qonaqlara, oxuculara Əlahəzrət Vaxtın onlarla həmişə ədalətli davranmasını arzu edirik.

Şəfiqə ŞƏFA