Dr. Rüfət Şirinov - BƏZİ ADƏT-ƏNƏNƏLƏRİN DİNDƏKİ YERİ (original) (raw)
GİRİŞ Hər bir millətin mədəniyyətini əks etdirən və yaşadan əsas amillərdən biri də adət-ənənələrdir. Bir millət həmişəyaşar olmaq üçün keçmişinə, tarixinə, dəyərlərinə və adət-ənənələrinə bağlı olmalıdır. Azərbaycan mədəniyyətinin və ənənələrinin formalaşmasında İslam dininin rolu danılmazdır. Bu baxımdan məqalədə cəmiyyətimizdə dini mahiyyət qazandırılan adət-ənənələrin bəziləri İslam dininin əsas mənbələri və ələlxüsus hədis elmi pəncərəsindən tədqiq edilmişdir. Azərbaycan xalqının 70 il ateizmin təbliğ edildiyi rejimin əsarətində yaşaması, əlbəttə ki, onun adət-ənənəsinə təsirsiz ötüşməmişdir. Bəzi xurafatlar dindən sayılaraq yaşadılmağa çalışılmışdır. Nəticədə müxtəlif xurafat və mövhumatlar dinin çərçivəsinə daxil edilmiş və mənəvi dəyərlər adı altında cəmiyyətə təqdim olunmuşdur. Xurafat və batil inancın ən böyük zərəri, ilk növbədə, ona inanıb dini adət kimi tətbiq edənlərə toxunur. Çünki yanlış əqidə və xurafatlar insanları doğru yoldan uzaqlaşdırır. Sağlam təməli olmayan binanın ömrü qısa olduğu kimi, sağlam əqidə üzərində inşa edilməmiş din və cəmiyyətin də uzun müddət ayaq üstdə qala biləcəyini düşünmək doğru olmaz. Həzrət Peyğəmbərin (s) də buyurduğu kimi, hər xurafat və bidət həqiqətdən uzaqdır: "Kəlamların ən gözəli Allahın Kitabıdır. Yolların ən doğrusu Məhəmmədin (s) yoludur. Əməllərin ən pisi və zərərlisi, dindən olmadığı halda sonradan uydurulub dinə yamananlardır. Bu cür uydurulmuş hər şey bidətdir, xurafatdır, hər bidət də doğru yoldan uzaqlaşma və azğınlıqdır [1, Etisam, 2]. İslam dinində adət-ənənəyə önəm verilmiş, dini əsaslara müvafiq olanlar qəbul edilmiş, uyğun olmayanlar isə kənarlaşdırılmışdır [2, s.369]. Qurani-Kərimdə adət-ənənələrin İslam dininə uyğun olması məsələsinə diqqət çəkilərək buyurulur: "Onlara (bütpərəstlərə): "Allahın göndərdiyinə (Qurana) tabe olun!"-deyildiyi zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!"-deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)" [3, "Bəqərə", 170]. Qeyd edək ki, adət-ənənələrimizin çox az qismi tədqiq olunan məqalədə məqsəd adət-ənənəyə qarşı çıxmaq deyil, əksinə, onların əsasını araşdırmaq, doğru olanı yanlışdan ayırmaq və inancımızla yaşantımızın eyni olmasını təmin etməkdir.