Diskriminasiyanın cinayət-hüquqi aspektləri (original) (raw)

Sevinc CƏBRAYILOVA, Almaniya Frankfurt Oder Universitetinin Hüquq fakültəsinin "Beynəlxalq İnsan Hüquqları və Humanitar Hüquq" bölməsinin magistri Cəmiyyətdə hər kəs öz xarakterinə uyğun dostları, yaşamaq üçün mülkiyyəti, əşyaları və s. müəyyənləşdirir. Lakin həyatda insanın özündən asılı olmayaraq malik olduğu və onlarla bağlı seçim imkanı olmadığı hallar da mövcuddur. Məsələn: övlad valideynlərini və ya qohumlarını, o cümlədən, mənsub olduğu irqi, milləti seçə bilməz. Bu gün cəmiyyətdə müxtəlif irqdən, millətdən, dindən olan insanlara qarşı müəyyən qrup şəxslər tərəfindən, bəzən isə dövlətlər tərəfindən fərqləndirmələr, nəticədə cəmiyyətdə parçalanmalar, ikili standartlar, qanun pozuntuları meydana gəlir. Hazırda bu cür halların qarşısını almaq üçün Anti-Diskriminasiya hüququ formalaşmışdır. Sözügedən hüquqa əsasən, ilk olaraq analoji vəziyyətdə olan şəxslərə qarşı eyni münasibət bəslənməli və onlar malik olduqları "qanunla müəyyən edilmiş müdafiə olunan əlamətlərə" 1 görə daha fərqli münasibətə məruz qalmamalıdırlar. Bu anlayış "birbaşa diskriminasiya" adlanır. Eyni zamanda, müxtəlif vəziyyətdə olan şəxslər yalnız onların digərləri kimi bəzi imkanlardan yararlana bilmələri üçün eyni səviyyəyə gətirilmək məqsədilə fərqli münasibətə məruz qala bilər. Bu isə "dolayı diskriminasiya" adlanır. Diskriminasiyanın qeyd edilən hər iki növü hüquqi baxımdan mütləq əsaslandırılmalıdır, əks təqdirdə həmin əməl BMT, Avropa Şurası, Avropa Birliyi (lakin müəyyən məhdudiyyətlər mövcuddur) tərəfindən qəbul edilmiş beynəlxalq sənədlərə uyğun olaraq diskriminasiya kimi qiymətləndiriləcək. Məsələn, Moustaquim Belçikaya qarşı işində, bir neçə cinayət əməli törətmiş Mərakeş vətəndaşının deportasiya edilməsindən şikayətlənən ərizəçi ona qarşı bu hərəkətin milli diskriminasiya olduğunu və onunla eyni vəziyyətdə olan Belçika vətəndaşlarının deportasiya edilməməsini iddia edirdi. Lakin Məhkəmə hesab etdi ki, ərizəçi Belçika vətəndaşları ilə analoji vəziyyətdə olmadığı, o cümlədən, ölkənin öz vətəndaşlarım deportasiya etmək hüququ olmadığı üçün hərəkətin milli zəmində diskriminasiya olması üçün əsas yoxdur.