Azerbaijan Research Papers - Academia.edu (original) (raw)
2019-cu il mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Ümummilli Liderin anadan olmasının 96-cı... more
2019-cu il mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Ümummilli Liderin anadan olmasının 96-cı ildönümünə həsr olunan konfrans ADU-nun və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə reallaşıb.
Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Tədbiri giriş sözü ilə açan rektor Kamal Abdulla konfrans haqqında məlumat verib. O bildirib ki, konfransın keçirilməsinin məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir. Rektor xatırladıb ki, Ulu Öndərin anadan olmasının 95 illiyi münasibətilə ötən il təşkil olunan eyniadlı birinci konfrans dünyanın 11 ölkəsinin 14 universitetində keçirilib. Belə ki, konfransın açılış və bağlanışı ADU-da, bölmə iclasları isə müxtəlif ölkələrin universitetlərində təşkil edilib. Konfransın əhatə dairəsinin genişliyi sayəsində yüksək nəticələr əldə olunub.
Kamal Abdulla nəzərə çatdırıb ki, bu il də konfransın açılış və bağlanış mərasimi universitetdə keçirilir. Həmçinin konfrans bu il bölmə iclaslarını nüfuzlu elmi məkanlarla yanaşı, Cəbrayıl rayon 102 nömrəli tam orta məktəbində, N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində, Kəlbəcər rayon 1 nömrəli, Ağdam rayon 47 və 1 nömrəli, Xocavənd rayon Xocavənd kənd 1 nömrəli köçkün tam orta məktəblərində və Nardaran kənd 295 nömrəli məktəbdə keçirəcək. Bizim məqsədimiz bu məktəblərə ulu öndər Heydər Əliyevin ideallarını aparmaqla yanaşı, öz diqqət və qayğımızı da onlara göstərməkdir.
Rektor deyib: “Azərbaycan multikulturalizmi keşməkeşli uzun illərdən keçib gəlsə də, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində multikulturalizmin siyasi əsası qoyulub. Multikultural dəyərlər, Azərbaycanda yaşayan xalqların dillərinin, ədəbiyyatlarının inkişaf etdirilməsi, öz ana dillərində təhsilalma hüquqları rəsmi sənədlərdə öz əksini tapıb. Əsası Ulu Öndər tərəfindən qoyulan multikultural siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. O, Azərbaycan multikulturalizminin yeni modelini yaradıb. Bu model bizim multikulturalizmimizi bütün dünyada məşhur edib. Bu gün Azərbaycan multikulturalizmi Avropanın universitetlərində tədris olunur. Həmin universitetlərdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, Azərbaycan dəyərləri, yəni Azərbaycan həqiqətləri tədris olunur”.
Rektor konfrans iştirakçılarını açılış münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycanın dəyərli oğlu, ictimai xadim Heydər Əliyevə həsr olunan konfrans çox ciddi mövzunu əhatə edir. O deyib: “Heydər Əliyevlə təkcə Azərbaycan deyil, bütün türk dünyası fəxr edir. Azərbaycanın yaxın keçmişinə nəzər salsaq görərik ki, Heydər Əliyev istər SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixində mühüm rol oynayıb. Təbii ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında onun rolu əvəzedilməzdir və böyükdür. Bugünkü multikulturalizm mövzusu Azərbaycan və dünya üçün çox vacibdir. Ölkəmizdə tarixi ənənələrə əsaslanan multikulturalizm siyasəti Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Azərbaycanda müxtəlif dillərdə danışan, ayrı-ayrı dini inancları olan millətlərin nümayəndələri bir dövlətin – müstəqil Azərbaycanın vətəndaşları kimi yaşayırlar”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, milli müstəqil dövlətimizin, YAP-ın qurucusu Heydər Əliyevin bizə qoyub getdiyi irsi öyrənmək və onu gənc nəslə çatdırmaq borcumuzdur. Konfransın keçirilməsi bu baxımdan gözəl təşəbbüsdür. Çünki Ulu Öndərin apardığı siyasətdə tolerant və multikultural cəmiyyət qurmaq önəmli yer tuturdu.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Azərbaycanda multikulturalizmin inkişafında və tolerant mühitin yaradılmasında Heydər Əliyevin xidmətlərindən danışıb. O deyib: “İnanıram ki, bu konfrans Ümummilli Liderin multikulturalizm sahəsində həyata keçirdiyi siyasətin, atdığı addımların gəncliyimizə, dünyaya çatdırılmasında mühüm rol oynayacaq”.
Açılış mərasimində Yasski Universitetinin slavistika kafedrasının dosenti Lyudmila Bejenaru, Belqrad Universitetinin professoru Ema Miljkovic (Petrovic), Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, İsrail səfirinin birinci müavini Avital Rozenberq, İndoneziyanın səfiri Hüsnan bəy Fanani, Fransa səfirinin mədəniyyət işləri üzrə müşaviri Yohan Şiterer, ADU-nun elmi işlər üzrə prorektoru, professor Sevinc Zeynalova çıxış ediblər.
Konfrans mayın 6-dan 8-dək “Heydər Əliyev və müasir Azərbaycan”, “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm”, “Qloballaşan dünyada dinlərin və mədəniyyətlərin dialoqu”, “Müasir beynəlxalq münasibətlər və multikulturalizm” və “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu” bölmələri ilə öz işini davam etdirəcək.